
Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft
emalı zavodu (NEZ) 2024-cü ilin yanvar ayında 16 min 49 ton maye
karbohidrogen qazı (LPG) istehsal edib. 2023-cü ilin həmin ayında
isə bu göstərici 14 min 868 ton olub.
Trend Türkiyə Enerji Bazarlarının Tənzimlənməsi
İdarəsinə (EPDK) istinadən xəbər verir ki, NEZ-də maye
karbohidrogen qazının istehsalı ötən ilin analoji dövrü ilə
müqayisədə 7,9 faiz artıb.
Xatırladaq ki, investisiya dəyəri 6,3 milyard olan STAR neft
emalı zavodu 2018-ci ilin oktyabrında istismara verilib. Layihənin
dəyərinin təqribən 3,3 milyard dolları kreditlərin hesabına
qarşılanıb. STAR zavodunun investisiyalarının ümumi həcminin yeddi
milyard dollar təşkil edəcəyi gözlənilir.
STAR neft emalı zavodunun illik emal gücü təqribən 10 milyon ton
təşkil edir. Zavod gündəlik 214 min barel xam neft emal etmək
qabiliyyətinə malikdir.
SOCAR Türkiye 2024-cü ildə STAR NEZ-in fəaliyyətini texniki
qulluq məqsədilə dayandırmağı planlaşdırır. NEZ-in fəaliyyəti
istismara verildikdən sonra ilk dəfə dayandırılacaq. İlk növbədə
planlı təmir işləri aparılacaq. Bu gün görülən tədbirlər
nəticəsində NEZ-in fəaliyyətinin təmir məqsədilə dayandırılmasının
dövriliyini dörd ildən beş ilədək artırmaq planlaşdırılır ki, bu da
40 milyon ABŞ dollarınadək qənaət etməyə imkan verəcək.
X:
@Lyaman_Zeyn
(Tərcümə: Rəna Əbdürəhmanova)





























